Müasir LED tipli Zəfər İşığı lampaları.+994 10 711 51 11WhatsApp
· Soketlər və lampa formaları

Bra və divar lampası üçün lampa: soket və forma seçimi

Bra və divar svetilnikləri üçün lampa seçərkən soket, forma, işıq istiqaməti və qamaşma baxımından nələrə diqqət etmək lazımdır.

Ucu alov kimi əyilmiş şəffaf şam lampa, içində filament zolaqları — Bra və divar lampası üçün lampa: soket və forma seçimi

Bra otağın əsas işığı deyil, amma ən çox göz qarşısında olan svetilnikdir. Çarpayı başında, divanın yanında, dəhlizdə və ya güzgünün kənarında insanın baş hündürlüyünə yaxın yerləşir. Tavan lampasında görünməyən kiçik səhv — çox parlaq lampa, uyğunsuz forma, soyuq işıq — burada dərhal hiss olunur. Ona görə bra üçün lampa seçmək tavan lampasından daha diqqətli yanaşma tələb edir.

Əvvəlcə soketi müəyyən edin

Bra və divar lampalarında ən çox üç altlıq rast gəlinir:

  • E14. Klassik bra-ların əksəriyyətində, xüsusilə şam və kiçik kürə lampalı modellərdə.
  • E27. Daha iri abajurlu və ya sadə formalı divar svetilniklərində.
  • G9. Müasir, yığcam, şüşə və ya metal qapaqlı bra-larda kiçik kapsul lampa ilə.

Soketi svetilnikin qutusundan, patronun üzərindəki yazıdan və ya köhnə lampanın altlığından müəyyən etmək olar. Patronun yanında "maks." işarəsi ilə göstərilən güc həddi közərmə lampası üçün yazılıb; LED lampa bu hədddən xeyli az güc işlədir, lakin qapalı qapaqda istilik məsələsi yenə də qalır.

Svetilnik açıqdır, yoxsa örtülü

Bra-nın konstruksiyası lampanın formasını müəyyən edir.

Açıq lampalı bra. Lampa birbaşa görünürsə, o, dekorun bir hissəsidir. Burada şam, alov uclu şam və ya kiçik kürə formalı lampa, çox vaxt filament variantı seçilir. Lampa gözə görünən yerdə olduğu üçün parlaq nöqtə kimi qamaşdırmaması vacibdir: şəffaf filament lampa zəif güclü, isti rəngli olmalıdır, yaxud mat kolbalı versiya götürülməlidir.

Abajurlu bra. Parça və ya kağız abajur lampanı gizlədir. Burada forma ikinci dərəcəlidir, əsas şərt lampanın abajura dəyməməsi və aşağıdan baxanda görünməməsidir. Mat kolbalı qısa lampa abajurda işığın bərabər paylanmasını təmin edir.

Şüşə plafonlu bra. Qapalı və ya yarımqapalı şüşə plafonda lampanın ölçüsü və istiliyi önəmlidir. Mat şüşə altında şəffaf lampa işıq ləkəsi yarada bilər, mat lampa isə plafonu bərabər işıqlandırır.

G9 altlıqlı bra-larda əlavə bir məqam var. Köhnə halogen G9 kapsulu çox kiçik idi, LED G9 lampaları isə diodlar və drayver hesabına adətən daha uzun və enli olur. Dar şüşə qapaqlı bra-da yeni lampa sığmaya və ya qapağa dirənə bilər. Almazdan əvvəl qapağın daxili ölçüsünü yoxlamaq, mümkünsə keramik gövdəli, yığcam LED G9 seçmək lazımdır. Bundan əlavə, G9 lampanın ştiftləri incədir; onu patrona əyri salıb zorla itələmək ştiftləri əyir və kontaktı zəiflədir.

İşıq hara yönəlir

Bir çox bra işığı yuxarıya, aşağıya və ya hər iki istiqamətə yönəldir. Bu, lampa seçiminə birbaşa təsir edir.

  • Yuxarı yönəlmiş bra tavanı və divarın yuxarı hissəsini işıqlandırır, otaqda yumşaq əks olunan işıq yaradır. Burada lampanın işığı hər tərəfə yaymağı faydalıdır.
  • Aşağı yönəlmiş bra oxumaq və ya çarpayı başında işıq üçündür. Lampa kolbasının abajurun alt kənarından çıxmaması və oturan adamın gözünə düşməməsi əsas şərtdir.
  • Hər iki istiqamətli bra divarda dekorativ işıq zolaqları yaradır; burada eyni tip iki lampa istifadə etmək simmetriyanı qoruyur.

İşığın miqdarı və rəngi

Bra adətən köməkçi işıq olduğu üçün güclü lampa lazım deyil. Çox parlaq lampa divarda sərt işıq ləkəsi yaradır və axşam atmosferini pozur. Yataq otağında və qonaq otağında isti ağ işıq rahatlıq hissi verir. Güzgü yanında isə üzü təbii rəngdə görmək üçün neytral ağ işıq və yüksək rəng ötürmə göstəricisi daha uyğundur.

Bra çarpayı başında oxumaq üçündürsə, lampa bir qədər güclü ola bilər, amma işığı kitaba yönəldilməli, qonşu yastığa düşməməlidir. Belə yerlərdə dimmerli bra və dimmer ilə uyğun lampa ən çevik həldir.

Seçim üçün yoxlama siyahısı

  • Soket: E14, E27, yoxsa G9?
  • Lampa görünür, yoxsa abajur altındadır?
  • İşıq yuxarı, aşağı, yoxsa hər iki tərəfə gedir?
  • Lampanın ölçüsü plafona və ya abajura sığır?
  • Bir cüt bra varsa, hər ikisində eyni lampa var?
  • Svetilnik dimmerlidirsə, lampa dimmerlə uyğundurmu?

Zəfər İşığı çeşidində bra üçün uyğun formalar var: C37 E14 şam lampası, E14 altlıqla gələn düz və damcı filament modelləri, eləcə də C45 E27 lampa. Onlar Zaferoğlu Elektrik-in Gəncədəki zavodunda istehsal olunur.

Bütün Xəbərlər